ABŞ-nin "İnter Mayami" komandası ulduz futbolçusu Lionel Messinin zədə alması səbəbindən Ekvador təmsilçisi "İndependiente del Valle" ilə yoldaşlıq görüşünü təxirə salıb.
King.Az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.
Argentina millisinin kapitanı fevralın 8-də Ekvadorun "Barselona" klubu ilə keçirilən yoldaşlıq matçında (2:2) zədələnib.
"Çox təəssüf ki, son oyunda əzələlərimdə narahatlıq hiss etdim. Sizinlə görüşməyi çox istəyirdik, buna görə də klub rəhbərliyi ilə birlikdə Puerto Rikoya gəlib oynaya bilməyim üçün alternativ tarix axtarışına çıxdıq. "İnter Mayami"nin oyunlarını izləmək üçün necə böyük həvəs göstərdiyinizi bilirik və bunun ən qısa zamanda reallaşması üçün əlimizdən gələni edəcəyik", - deyə Messi bildirib.
Qeyd edək ki, "İnter Mayami" və "İndependiente del Valle" arasındakı qarşılaşmanın fevralın 14-ü keçirilməsi planlaşdırılırdı. Dəyişiklikdən sonra matçın yeni tarixi 26 fevral olaraq təyin edilib.
Qeyd edək ki, hazırda 38 yaşı olan Messi karyerasının ən uzun dövrünü İspaniyanın "Barselona" klubunda keçirib. Daha sonra Fransanın "Paris Sen-Jermen" (PSJ) klubunda çıxış edən ulduz futbolçu 2023-cü ilin yayından etibarən "İnter Mayami"nin şərəfini qoruyur. Səkkizqat "Qızıl top" sahibi olan Messi, Argentina yığması ilə 2022-ci il Dünya Çempionatının, 2022-ci il Finalissimanın, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunun qalibi olub.
