Milli Basketbol Assosiasiyasının (NBA) tanınmış simalarından olan Kris Boş bu yaxınlarda yaşadığı ağır sağlıq probleminin detallarını ictimaiyyətlə bölüşüb. Keçmiş idmançı həyat yoldaşı ilə görüşə hazırlaşarkən sol ayağında uyuşma hiss etdiyini və qısa müddət sonra huşunu itirdiyini bildirib. Özünə gəldikdə qan içində olduğunu görən Boşun köməyinə həyat yoldaşı çatıb və dərhal təcili tibbi yardım çağırıb.
King.Az-ın "Championat" nəşrinə istinadən verdiyi məlumata görə, ulduz basketbolçu hadisəni sosial şəbəkə hesabında danışıb.
Kris Boş paylaşdığı videomüraciətdə hisslərini belə ifadə edib:
"Huşumu itirib yenidən özümə gəldikdən sonra ani bir aydınlanma yaşamadım. Gözlərimin önündən keçmişlə bağlı xatirələr canlanmadı. Hiss etdiyim yeganə şey hələ də həyatda olduğum üçün şükranlıq və reallığı daha ayıq başla dərk etmək oldu. Sadəcə həyata baxış bucağım dəyişdi - artıq hər şey daha sadə və daha səmimidir".
2017-ci ildə qan laxtalanması problemi səbəbi ilə NBA karyerasını erkən bitirmək məcburiyyətində qalan Boş son hadisə ilə bağlı dəqiq diaqnozu açıqlamayıb.
Xatırladaq ki, sabiq hücumçu "Mayami Hit" komandası ilə iki dəfə çempionluq sevinci yaşayıb və Liqada keçirdiyi 13 mövsüm ərzində 11 dəfə "All-Star" oyununda iştirak edib.
Oxşar Mövzular
Karlo Ançelotti dörd il müddətinə həbs oluna bilər
3-04-2025, 17:28Dövlətə xəyanətə görə həbs edildi - DTX-dən ƏMƏLİYYAT
6-01-2025, 15:01