Bu gün Londonda, Lankaster-Haus iqamətgahında Böyük Britaniya ilə Avropa İttifaqı arasında "Brexit"dən sonrakı ilk sammit baş tutacaq.
King.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Britaniya rəsmilərinin bildirdiyinə görə, sammitin məqsədi müdafiə və ticarət sahələrində əməkdaşlığı gücləndirmək və London-Brüssel münasibətlərində yeni səhifə açmaqdır.
Avropa İttifaqını tədbirdə Avropa Şurasının sədri Antoniu Koşta, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Aİ-nin baş diplomatı Kaya Kallas, həmçinin ticarət və iqtisadi təhlükəsizlik üzrə komissar Maroş Şefçoviç təmsil edəcəklər.
Gözlənilir ki, sammitin nəticəsi olaraq Britaniya ilə Aİ arasında hərbi əməkdaşlıq gücləndiriləcək. Yeni müdafiə sazişi çərçivəsində britaniyalı şirkətlərin silah tədarükündə birgə iştirak etməsi və tərəflərin müdafiə qurumları arasında əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.
Avropa ölkələri isə cavab olaraq Britaniyanın sularında balıq ovlama kvotalarının artırılmasını tələb edirlər.
Sammitin sonunda tərəflərin "geosiyasi həmrəylik" adlı birgə bəyanat yayımlayacağı gözlənilir. Bu sənəd vasitəsilə Avropa ölkələrinin ABŞ Prezidenti Donald Trampın administrasiyasına qarşı yekdil mövqe nümayiş etdirməsi nəzərdə tutulur.
"The Times" qəzeti Britaniyanın Aİ ilə əldə etdiyi razılaşmaları üç qrupa bölüb: Birinci qrupda əsas razılaşmalar əldə olunub, detallar sonradan işlənəcək (müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq, kvota ticarəti, sərhəd nəzarətinin asanlaşdırılması); ikinci qrupda ilkin razılaşmalar mövcuddur və danışıqlar davam edir (sanitar yoxlamalar, enerji bazarının liberallaşdırılması, gənclər üçün mübadilə proqramlarının bərpası); üçüncü qrupda isə hələ yalnız müzakirəyə açıq olan məsələlər yer alır (peşə ixtisaslarının tanınması, musiqiçilər və incəsənət nümayəndələri üçün vizaların sadələşdirilməsi).
Xatırladaq ki, Britaniyanın Aİ-dən çıxışı ilə bağlı referendum 2016-cı il iyunun 23-də keçirilib və 2020-ci il fevralın 1-də ölkə rəsmi olaraq İttifaqı tərk edib. 2021-ci ilin əvvəlində isə keçid dövrü başa çatıb.
Oxşar Mövzular

"Avatar"ın üçüncü hissəsi prokatda bir milyard dollar toplayıb
5-01-2026, 16:05Rusiya Azərbaycan və Gürcüstandan elektrik enerjisi idxal etmək istəyir
16-10-2024, 01:17