İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, hazırda Tehran regiondakı vəziyyətlə və ABŞ-nin nüvə obyektlərinə zərbə endirməsi ilə bağlı danışıqlara başlamaq variantını müzakirə etmir.
King.Az bu barədə Türkiyənin "TRT World" telekanalına istinadən xəbər verir.
"Əlbəttə, Tehranla əlaqə saxlayıram. Dəymiş ziyanın səviyyəsi ilə bağlı hələ də dəqiq məlumatım yoxdur, amma bunun indi əhəmiyyət kəsb etdiyini düşünmürəm. Nüvə obyektlərinə zərbələr özlüyündə beynəlxalq hüququn bağışlanmaz pozulmasıdır və pislənməlidir. Hazırda danışıqlara hazırlaşmaqdan söhbət gedə bilməz. Amma prinsipcə, diplomatiya üçün qapı açıq qalmalıdır", - deyə nazir vurğulayıb.
Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ Prezidenti Donald Tramp ölkənin Hərbi Hava Qüvvələrinin Fordo, Natanz və İsfahan da daxil olmaqla, İranın üç nüvə obyektinə hücum etdiyini bildirib.