Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya, Cənubi Keçid Şurası qüvvələri üçün hərbi təchizata edilən hücumlardan sonra Yəmənin şərqindəki Mükəlla limanında hərbi əməliyyatın başa çatdığını elan edib.
King.Az xəbər verir ki, bu barədə koalisiya qüvvələrinin rəsmi nümayəndəsi Turki əl-Maliki açıqlama yayıb.
Açıqlamaya görə, əməliyyat nəticəsində xəsarət alan olmayıb və liman infrastrukturuna ziyan dəyməyib.
Əl-Maliki koalisiya rəhbərliyinin vəziyyəti deeskalasiya etməyə davam edəcəyini və Yəmənin qanuni hökumətinin və koalisiyanın razılığı olmadan heç bir ölkədən hərbi dəstəyə icazə verməyəcəyini vurğulayıb.
Dekabrın 30-da koalisiya icazəsiz silah daşınmasının qarşısını almaq cəhdi olduğunu iddia edərək Mükəlla liman şəhərinə hava hücumları təşkil edib.
Məlumata görə, Əl-Fuceyra əmirliyindən gələn iki gəmi dekabrın 27-28-də limana icazəsiz daxil olaraq izləmə sistemlərini sıradan çıxarıb, silah və hərbi texnikanı boşaldıb. Göndərilən yüklərin Cənubi Keçid Şurası qüvvələri üçün nəzərdə tutulduğu, atəşkəs və BMT Təhlükəsizlik Şurasının qətnaməsinin pozulduğu iddia olunub.
Koalisiyanın məlumatına görə, hücum silahların boşaldılmasından sonra baş verib və beynəlxalq humanitar hüquqa uyğun olaraq həyata keçirilib. Ər-Riyad qanunsuz silah dövriyyəsinin qarşısını almaq öhdəliyini vurğulayıb.
Əməliyyat Səudiyyə Ərəbistanı ilə Cənubi Keçid Şurası arasında yeni gərginlik mərhələsi kimi xarakterizə edilib.
Yəməndəki vətəndaş müharibəsi 2014-cü ildən bəri davam edir və ölkənin faktiki olaraq bölünməsinə səbəb olub. Husilər Səna da daxil olmaqla şimal və qərbə nəzarət edir, cənub isə Cənubi Keçid Şurasının hakimiyyəti altındadır və qalan bölgələr beynəlxalq səviyyədə tanınmış strukturlar tərəfindən idarə olunur.
Oxşar Mövzular

