Ukraynada davam edən müharibə fonunda Prezident Volodimir Zelenski siyasi elitada ciddi kadr islahatlarına start verib. Belə ki, hərbi kəşfiyyatın rəhbəri Kiril Budanovun Prezident Ofisinin rəhbəri təyin edilməsi, rəqəmsal transformasiya naziri Mixail Fyodorovun müdafiə naziri postuna irəli çəkilməsi və eyni zamanda keçmiş Baş Qərargah rəisi Valeri Zalujnının siyasi ambisiyaları ilə bağlı yayılan məlumatlar Kiyevdə yeni siyasi mərhələnin başlandığını göstərir.
Bu dəyişikliklər isə təkcə texniki kadr rotasiyası deyil, həm də Zelenskinin müharibənin uzandığı şəraitdə idarəetmə modelini yenidən formalaşdırmaq cəhdi kimi dəyərləndirilir. Məsələn, Prezident Ofisi daha çox siyasi koordinator rolunu oynasa da, Birləşmiş Ştatlara xüsusi yaxınlığı ilə seçilən hərbi kəşfiyyat rəhbəri Budanovun bu posta təyinatı göstərir ki, Zelenski siyasi və hərbi koordinasiyanı mərkəzləşdirmək niyyətindədir. O, Ofisinin imicini daha da yüksəltmək və prezident aparatını birbaşa təhlükəsizlik və kəşfiyyat məntiqi ilə işləyən mərkəzə çevirməyə çalışır, həm də ABŞ-nin vahid dəstəyini qazanmağa ümid edir. Çünki Budanov müharibə dövründə Ukraynada ən etibarlı və nüfuzlu fiqurlardan biri kimi tanınır.