0
Çərşənbə
Yan 07

Tuadera: "Mərkəzi Afrika Respublikası Fransa ilə münasibətlərini öz maraqları əsasında quracaq"

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Mərkəzi Afrika Respublikası (MAR) Fransa ilə münasibətlərdə öz maraqlarından çıxış edəcək.

King.Az xəbər verir ki, bu barədə TASS-a MAR Prezidenti Fosten-Arkanj Tuadera bildirib.

"Müəyyən dövrdə münasibətlərimiz xeyli gərgin idi və çoxlu qarşılıqlı anlaşılmazlıq var idi... Lakin prezident Makron və mən şəxsən yol xəritəsi hazırlamaq üçün səy göstərdik. Bu bizə dəqiq qaydalar yaratmağa və əməkdaşlıq qurmağa imkan verdi. Hazırda bir çox sahələrdə münasibətlər uğurla inkişaf edir, suverenliyimizə tam hörmət olunur. Çətinliklərlə üzləşsək belə, biz həmişə suverenliyimizi müdafiə edəcəyik və MAR-ın maraqlarına uyğun qərarlar qəbul edəcəyik", - deyəTuadera qeyd edib.

"Demirəm ki, o, (Makron - red.) qeyri-səmimidir. Biz üzərində işləməyə razılaşdığımız məqamlarla bağlı yol xəritəsi hazırladıq. Hazırda hər şey yaxşı gedir. Bu mənada hər şey qaydasındadır", - deyə Tuadera əlavə edib.

O, həmçinin qeyd edib ki, MAR öz suverenliyini qorumaq üçün neokolonializmin bütün formalarına qarşı mübarizə prosesindədir.

"Əcdadlarımız Mərkəzi Afrika Respublikasının müstəqilliyi üçün uzun və gərgin mübarizə aparıblar, çünki onlar belə qənaətə gəliblər ki, müstəmləkəçilik bizim inkişaf etməyimizə mane olur. Xalqımız itaətkar vəziyyətdə idi, öz resurslarımıza nəzarət edə bilmirdik və mahiyyətcə, müstəqil qərarlar qəbul etmək imkanından məhrum idik. Məhz buna görə də, Mərkəzi Afrika xalqı bu gün də bütünlüklə müstəqillik uğrunda mübarizəyə qalxıb. Bu gün biz suverenliyimizi təmin etmək və qorumaq üçün neokolonializmin bütün formaları və digər oxşar təcrübələrə qarşı durmaqda davam edirik... Biz suverenliyimizi qorumaq və təmin etmək üçün tədbirlər görməyə, eləcə də bugünkü vəzifəmizin davamlı şəkildə inkişaf etdirilməsi üçün şərait yaratmağa borcluyuq", - deyə o bildirib.

28 dekabr 2025-ci ildə Mərkəzi Afrika Respublikasında prezident, parlament və yerli seçkilər keçirildi. Yanvarın 6-da MAR-ın Milli Seçki Komissiyası ilkin olaraq hazırkı prezident Fosten-Arkanj Tuaderanı prezident seçkisinin qalibi elan edib. Tuadera 76.15 faiz səs toplayıb.

Şərhlər (0)

Şərh yaz