0
Çərşənbə
Mar 25

Banqkokda dəhşətli hadisə: Ayaqyolunda körpə meyiti tapıldı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Banqkokun Klonq Toy rayonundakı ticarət mərkəzlərindən birinin ayaqyolunda yeni doğulmuş körpənin meyiti tapıldıqdan sonra polis araşdırmaya başlayıb.

King.Az bu barədə "Daily Star" nəşrinə istinadən xəbər verir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, həyəcan təbilini qadın tualetinin kabinələrindən birində qeyri-adi dərəcədə ağır zibil paketini görən xadimə çalıb. Baxış zamanı o, körpənin meyitini aşkar edib və dərhal mühafizəyə məlumat verib. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəliblər.

Müşahidə kameralarının görüntülərini araşdıran müstəntiqlər şübhəli şəxsi - 25 yaşlı Filippin vətəndaşı Covelin Kanino Kardieneteni müəyyən ediblər. Kadrlarda qadının çəhrayı çamadan və ağ çanta ilə şübhəli davranaraq tualeti tərk etdiyi görünür.

Daha sonra qadın saxlanılıb. Polisin bildirdiyinə görə, onun ayaqqabısında və corablarında qan izləri olub. Qadın xəstəxanaya çatdırılıb və orada həkimlər onun bu yaxınlarda doğum etdiyini təsdiqləyiblər. Ona təcili tibbi yardım göstərilib, bundan sonra isə polis nəzarətinə götürülüb.

İstintaq ehtimal edir ki, saxlanılan şəxs uşağın anası ola bilər, lakin yekun nəticələr ekspertiza rəylərindən sonra məlum olacaq.

Əgər hadisədə onun iştirakı təsdiqlənərsə, filippinli qadına qarşı meyitlə qanunsuz rəftar ittihamı irəli sürülə bilər. Bu isə Tailand qanunlarına əsasən bir ilə qədər həbs və cərimə ilə nəticələnə bilər.

Şərhlər (0)

Şərh yaz