ABŞ və İran arasındakı danışıqların növbəti mərhələsinin yaxın günlər ərzində keçirilməsi ehtimal olunur.
King.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, həm Vaşinqton, həm də Tehran tərəfindən səsləndirilən sərt bəyanatlara baxmayaraq, gələcək diplomatiya üçün qapılar açıq qalır və tərəflər yaxın bir neçə gün ərzində yeni görüş təşkil edə bilərlər.
Bundan əvvəl amerikalı hərbi analitik və dəniz piyadaları korpusunun keçmiş zabiti Brayan Berletik ABŞ və İranın İslamabaddakı danışıqlarının iflasa uğradığını bildirmişdi. Onun fikrincə, buna səbəb ABŞ tərəfinin beynəlxalq hüquq normalarına uyğun gəlməyən və faktiki olaraq danışıqlar adı altında pərdələnmiş məcburetmə xarakterli şərtləri irəli sürməsi olub.
Xatırladaq ki, aprelin 11-də İslamabadda İran və ABŞ arasında bir neçə mərhələdən ibarət danışıqlar baş tutub. İran nümayəndə heyətinə parlamentin spikeri Məhəmməd Baqir Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edib. Daha sonra Tehran və Vaşinqton tərəfindən verilən açıqlamalarda bildirilib ki, mövcud ziddiyyətlər səbəbindən tərəflər münaqişənin uzunmüddətli həlli istiqamətində razılığa gələ bilməyiblər. Gözlənilən yeni danışıqlar raundunun detalları isə hələlik məlum deyil.