"Anthropic" şirkəti "Project Deal" adlı eksperiment çərçivəsində süni intellekt agentlərinin rəqəmsal bazarda alıcı və satıcı kimi fəaliyyətini sınaqdan keçirib.
King.Az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayılıb.
Eksperimentin məqsədi müasir texnologiyaların istifadəçi maraqlarına əsaslanaraq sövdələşmələri müstəqil şəkildə həyata keçirə bilən sistemlər üçün nə dərəcədə hazır olduğunu qiymətləndirmək olub.
Test üçün şirkətin San-Fransisko ofisinin əməkdaşlarına bir həftəlik daxili onlayn platforma təqdim edilib. İstifadəçilər məhsullarını yerləşdirib, süni intellekt agentləri isə onların adından danışıqlar apararaq alqı-satqı həyata keçiriblər. Hər iştirakçıya 100 dollar büdcə verilib.
Eksperiment zamanı agentlər ümumi dəyəri 4 min dollardan çox olan 186 sövdələşmə bağlayıblar. Sistemlər təkcə əməliyyat aparmaqla kifayətlənməyib, həm də qarşı tərəfləri tapıb, təkliflər formalaşdırıb, təbii dildə danışıqlar aparıb və şərtləri əvvəlcədən yazılmış ssenarilər olmadan razılaşdırıblar.
Şirkət qeyd edir ki, eksperiment məhdud daxili xarakter daşısa da, nəticələr süni intellekt agentlərinin iqtisadi proseslərdə tamhüquqlu iştirak edə biləcəyi avtonom rəqəmsal bazarların formalaşmasına doğru irəliləyişi göstərir.
Oxşar Mövzular
