Yaponiyanın Utsunomiya şəhərində artıq üç gündür küçələrdə dolaşan ayı səbəbindən yüzə yaxın təhsil müəssisəsi fəaliyyətini dayandırıb. Yerli hökumət yırtıcının ticarət mərkəzləri də daxil olmaqla, şəhərin müxtəlif yerlərində dəfələrlə görünməsindən sonra belə bir qərar qəbul edib.
King.Az SCMP-yə istinadən xəbər verir ki, Tokionun şimalında yerləşən Utsunomiya administrasiyası 94 dövlət ibtidai və orta məktəbinin bağlanması barədə göstəriş verib. Buna səbəb şənbə günündən bəri ayının peyda olması ilə bağlı ondan çox müraciətin daxil olmasıdır. Hazırda heyvanın axtarışlarına onlarla ovçu, polis əməkdaşı və yerli rəsmilər cəlb olunub.
Şəhər hakimiyyətinin nümayəndəsi bildirib ki, ayının göründüyü ərazilərdə əhalini xəbərdar etmək üçün xüsusi texnikalardan istifadə olunur. Sakinlərə evlərində və ya avtomobillərində qalmaları, zərurət olmadan küçəyə çıxmamaları barədə xəbərdarlıq edilib. Eyni zamanda, rəsmi şəxs şəhərdə bir, yoxsa bir neçə ayının dolaşdığının hələlik məlum olmadığını vurğulayıb.
Qeyd edək ki, son illər Yaponiyada ayıların şəhər mərkəzlərinə gəlməsi və insanlara hücum etməsi halları artıb. Ötən il ayı hücumları nəticəsində rekord sayda - 13 nəfər həyatını itirib. Mütəxəssislər bu hadisələrin artmasını ayıların qış yuxusundan ac halda oyanaraq qida axtarışı üçün yaşayış məntəqələrinə üz tutması ilə izah edirlər.
Oxşar Mövzular
Qazaxıstan daha iki AES-in inşasına başlamağı planlaşdırır
3-01-2025, 22:48Belarus lideri Azərbaycan Prezidentinə başsağlığı verib
29-12-2024, 22:48
